Balaxanıdakı “OBA Market”də qiymət oyunu: Vitrin başqa, kassada başqa məbləğ – vətəndaş narazıdır
Son günlər Balaxanı qəsəbəsində yerləşən, 24 saat fəaliyyət göstərən “OBA Market”də qiymət uyğunsuzluğu ilə bağlı ciddi narazılıqlar artmaqdadır. Vətəndaşlar bildirir ki, vitrində göstərilən qiymət kassada tamamilə fərqli — daha yüksək məbləğ kimi əks olunur. Bu isə açıq şəkildə istehlakçı hüquqlarının pozulması deməkdir.
Məsələ ilə bağlı mağaza əməkdaşlarına müraciət edən alıcılar “endirim başa çatıb” kimi qeyri-ciddi, məsuliyyətdən yayınan cavablarla üzləşdiklərini deyirlər. Bu cür yanaşma nə şəffaflığa, nə də dürüst ticarət prinsipinə uyğun gəlir. Üstəlik, kassalarda yaranan növbələr və sosial təzyiq səbəbindən alıcıların etiraz etmək və ya məhsulu geri qaytarmaq imkanları da xeyli məhdudlaşır.
Müşahidəçilərin fikrincə, bu problem təkcə bir market şəbəkəsinin məsuliyyətsiz davranışı deyil, eyni zamanda ölkədə nəzarət mexanizmlərinin zəiflədiyini göstərən təhlükəli tendensiyadır. Ərzaq və ticarət sektorunda şəffaflıq və ədalətli rəqabət təmin olunmadıqca belə hallar davam edəcək.
Hadisə ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çağırış edilib. Qarşı tərəfdən gözlənti odur ki, məsələ ciddi şəkildə araşdırılsın və bu cür pozuntuların qarşısını almaq üçün təsirli addımlar atılsın.
Unutmaq olmaz: güclü olmaq vətəndaşın etimadını qazanmaqla mümkündür. Xalqın etimadını itirən heç bir qurumun mövqeyi uzunmüddətli ola bilməz. 
