Minatəmizləmə prosesində iştirak edənlərə müharibə veteranı adının verilməsi təklif olunub.
Xəbər verilir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.
O, həmçinin, minatəmizləmə zamanı əziyyət çəkənlərin ailələrinə edilən güzəştlərin konkret kimə şamil olunmasına da aydınlıq gətirilməsini istəyib:
“Minatəmizləmə fəaliyyəti ilə bir təşkilat məşğul deyil. Müdafiə Nazirliyində də, Fövqəladə Hallar Nazirliyində də, Sərhəd Qoşunlarında da belə fəaliyyət növü var. Bu güzəştlər həmin strukturların hamısına şamil olunur, yoxsa yalnız Minatəmizləmə Agentliyində fəaliyyət göstərən insanlara?”.
Həmkarının suallarını cavablandıran deputat Arzu Nağıyev bildirib ki, humanitar minatəmizləmə müharibə bitdikdən sonra olduğuna görə, o statusun, yəni müharibə veteranı adının verilməsi onlara şamil olunmur:
“Üç cür minatəmizləmə var: operativ, humanitar və döyüş şəraitində minatəmizləmə növü var. Bunların hər birinə uyğun olaraq hər kəs özünün peşə fəaliyyətini həyata keçirir. Ona görə də söhbət ümumi minatəmziləmədən gedir. Bunların hər birinə bu məsələ şamil olunur”- deyə o qeyd edib.