2025-ci il ABB üçün uğurlu maliyyə göstəriciləri ilə yadda qalıb.
Xəbər verilir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, ABB 2025-ci ili 404,5 milyon manat xalis mənfəətlə başa vurub.
“Bu göstərici ötən ilin nəticələri ilə müqayisədə 12,3 faizdən çox artım deməkdir.
Bundan əlavə, 2025-ci ildə ABB-nin faiz gəlirləri əvvəlki illə müqayisədə 20 faiz, qeyri-faiz gəlirləri isə 43 faiz artıb. Bankın ümumi əməliyyat gəlirləri 1 milyard 654 milyon 680 min manata çatıb və əməliyyat gəlirlərində 26 faizlik artım qeydə alınıb”.
A.İbrahimov vurğulayıb ki, əldə olunan müsbət nəticələrdə ABB-nin alternativ gəlir mənbələrinin genişləndirilməsi mühüm rol oynayıb. Onun sözlərinə görə, bank bazar payını artırmaqla yanaşı, likvidliyini də qoruyub saxlayıb.
İdarə Heyətinin sədri əlavə edib ki, 2025-ci ildə ABB-nin kredit portfelində də əhəmiyyətli artım müşahidə olunub:
“Belə ki, kredit portfeli ötən illə müqayisədə 12 faiz artaraq 7 milyard 167 milyon 236 min manata çatıb. Bankın biznes kreditləri də yüksələrək 3 milyard 634 milyon 288 min manat təşkil edib. Bu isə ötən illə müqayisədə biznes kreditlərində 14 faizlik artım deməkdir”, - deyə o qeyd edib.