Ağdaş rayonunda Qarabağ müharibəsi qazisi Vüqar Hüseynov maddi çətinliklər səbəbindən küçədə corab satmağa məcbur olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa baxmayaraq, qazinin sosial vəziyyəti cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Vüqar Hüseynov dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət etsə də, indiyədək heç bir qərar qəbul olunmayıb. Hazırda qazinin aldığı yeganə ödəniş aylıq 80 manat veteranlıq müavinətidir.
Azyaşlı övladları olan qazinin sözlərinə görə, tək istəyi ailəsinə sosial yarım göstərilməsi və vəziyyətinin obyektiv şəkildə araşdırılmasıdır.
Mövzu cəmiyyətdə qazilərin sosial müdafiəsi məsələsini yenidən gündəmə gətirib və aidiyyəti qurumların məsələyə diqqət yetirməsi gözlənilir.