18 may tarixi Laçın rayonunun işğal günüdür. 1992-ci ilin bu günündə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan bu qədim diyar 28 il xalqımızın qəlbində sağalmayan yara kimi yaşadı. Bu işğal mülki insanların, hərbçilərin şəhid olması, sakinlərin öz doğma yurd-yuvasından didərgin düşməsi, tarixi və mədəni abidələrin dağıdılması, kəndlərin viran qoyulması ilə nəticələndi.
Rəsmi statistikaya baxaq:
Laçının işğalı nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi işğalçılar tərəfindən talan və məhv edilib.
Rayonun əhalisi 79.1 min nəfər olmaqla Azərbaycanın 57 şəhər və rayonunda səpələnib.
Hər il mayın 18-i Azərbaycanda kədər, nisgil və həsrət günü kimi qeyd edilirdi.
Lakin tarix göstərdi ki, xalqın iradəsini heç bir işğal əbədi sındıra bilməz. 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək illərlə işğal altında qalan torpaqları azad etdi. Bu zəfər milli qürurun, ədalətin və tarixi haqqın bərpası idi.
Laçının azad olunması isə bu möhtəşəm zəfərin ən önəmli səhifələrindən biri oldu. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana geri qaytarıldı. Ən diqqətçəkən məqamlardan biri isə odur ki, Laçının geri alınması zamanı bir güllə belə atılmadı. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu hərbi-siyasi strategiyanın və diplomatik məharətin nəticəsi idi.
Vətən müharibəsi dövründə Prezident İlham Əliyev həm Ali Baş Komandan, həm də qətiyyətli siyasi lider kimi böyük iradə nümayiş etdirdi. O, beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Diplomatik müstəvidə aparılan uğurlu siyasət və döyüş meydanında qazanılan üstünlüklər nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Azərbaycanın tarixi qələbəsini rəsmiləşdirdi və bu sənədə əsasən, Laçın rayonu da ölkəmizə təhvil verildi.
Bu qələbənin əsas memarlarından biri də Azərbaycan əsgəri idi. Döyüş meydanında canını Vətən uğrunda fəda edən şəhidlərimiz, qəhrəman qazilərimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Onların igidliyi sayəsində üçrəngli bayrağımız illər sonra yenidən Laçında dalğalandı. Azərbaycan əsgəri sübut etdi ki, Vətən sevgisi qarşısında heç bir güc dayana bilməz.
Bu gün Laçın artıq azaddır. Rayon sürətlə yenidən qurulur, həyat öz axarına qayıdır. Uzun illər həsrət çəkən insanlar doğma torpaqlarına dönür, dağıdılmış kəndlər yenidən dirçəlir.
Artıq Laçın şəhərində 2245 nəfər (607 ailə), Bəyliqk kəndində 316 nəfər (79 ailə), Zabux kəndində 823 nəfər (217 ailə), Sus kəndində 215 nəfər (59 ailə) yaşayır. Qarşıdakı illərdə rayonun digər yaşayış məntəqələrinə qayıdışlar da gerçəkləşəcək.
Bu gün Laçında Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. 28 may 2025-ci ildə açılan bu hava limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən ən mühüm strateji layihələrdən biridir.
Bu hava limanı regionda təhlükəsizlik və müdafiə imkanlarını artırır, zəruri hallarda operativ hərəkət və logistika baxımından böyük üstünlük yaradır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın zəfərinin və dövlət gücünün simvoludur. İşğaldan azad edilmiş ərazilərdə belə iri layihələrin həyata keçirilməsi göstərir ki, Azərbaycan həmin torpaqlarda uzunmüddətli inkişaf və güclü dövlətçilik strategiyası həyata keçirir.
Laçına qayıdış təkcə fiziki dönüş deyil, həm də tarixi ədalətin təntənəsidir.
Laçının azadlığı Azərbaycan xalqının əyilməz ruhunun, ordumuzun qüdrətinin və dövlət rəhbərliyinin uzaqgörən siyasətinin parlaq nümunəsidir. Bu zəfər gələcək nəsillərə milli birlik, vətənpərvərlik və mübarizə əzmi haqqında danışacaq böyük bir tarixdir.