“Nar” Gəncədə yeni regional mağazasını açdı
Münasib qiymətli xidmətləri və regionların inkişafına xüsusi diqqəti ilə tanınan mobil operator “Nar” Gəncə şəhərində yeni regional mağazasının açılışını həyata keçirib. Yeni mağaza Şah İsmayıl Xətai prospekti 359c ünvanında yerləşir və abonentlərə müştəri xidmətləri, mobil nömrələrin satışı, eləcə də mobil telefon və aksesuarların təqdim olunması daxil olmaqla tam xidmət paketi təklif edir.
Mağazanın açılış mərasimində “Nar” şirkətinin baş icraçı direktoru Özqür Genç iştirak edib. O, yerli sakinlərlə görüşərək onların ehtiyac və gözləntiləri ilə yaxından tanış olub. Özqür Genç çıxışında regionlara göstərilən xüsusi diqqətin şirkətin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq bildirib:
“Regional mağazalar bölgələrdə yaşayan müştərilərimizə keyfiyyətli xidmət göstərilməsində mühüm rol oynayır. Bu mağazalar vasitəsilə müştərilərimizlə birbaşa ünsiyyət qurur və onların rəyini yerindəcə əldə edirik.”
Gəncə səfəri çərçivəsində “Nar” rəhbərliyi Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün karyera təlimi də təşkil edib. Şirkətin tərəfdaşı olan universitetin rəhbərliyi ilə keçirilən görüşlərdə gələn il üçün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, “Nar” regionlarda açılan hər yeni mağazanı yalnız satış və xidmət şəbəkəsinin genişləndirilməsi deyil, həm də yerli icmalarla birbaşa əlaqələrin qurulması üçün mühüm imkan kimi dəyərləndirir. 2025-ci il ərzində Gəncə ilə yanaşı, Füzuli və Salyan rayonlarında da oxşar mağaza açılışları və maarifləndirici təşəbbüslər həyata keçirilib.
Hazırda “Nar” 2,2 milyon abunəçiyə xidmət göstərir və artıq altıncı ildir ki, Müştəri Loyallığı İndeksi üzrə Azərbaycanın mobil operatorları arasında liderdir. Şirkətin uğuru ardıcıl şəkildə həyata keçirilən müştəriyönümlü strategiyaya əsaslanır.
“Nar” layihələri və xidmətləri haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.




