Şəhid anası vəfat etdi nə icra hakimiyyəti var idi, nə bələdiyyə, nə də məktəb direktoru.
Füzuli rayonunda cəmiyyəti sarsıdan və ciddi suallar doğuran bir hadisə baş verib. Şəhidin anası dünyasını dəyişib, lakin nə Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi, nə bələdiyyə rəhbərliyi, nə də şəhidin təhsil aldığı məktəbin direktoru mərasimdə iştirak edib.
Daha acınacaqlısı isə budur ki, mərasim zamanı Azərbaycan bayrağı belə tapılmayıb. Şəhid anasının son mənzilə yola salındığı bir gündə dövlət rəmzinə biganə münasibət ictimaiyyət arasında haqlı narazılıq yaradıb.
Sakinlər sual edir:
Niyə icra strukturları belə günlərdə vətəndaşın yanında olmur?
Şəhid ailələrinə göstərilən hörmət kağız üzərindəmi qalır?
Şəhidin oxuduğu məktəbin rəhbərliyi bu məsuliyyəti niyə üzərinə götürməyib?
Bu laqeydlik təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin vicdanını sarsıdır. Şəhid ailələrinə münasibətdə göstərilən soyuq davranış illərdir dilləndirilən problemlərin acı təzahürüdür.
Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin, bələdiyyənin və aidiyyəti təhsil qurumlarının mövqeyi maraq doğurur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.