Kapital Bank 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biridir.
Xəbər verilir ki, bu barədə “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına həsr olunmuş mətbuat konfransında Kapital Bankın İdarə heyəti sədrinin birinci müavini Cavid Mirzəyev məlumat verib.
O qeyd edib ki, 2025-ci ilin sonuna audit olunmuş maliyyə hesabatlarına əsasən, Kapital Bank 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biri olaraq qalır:
“Aktivləri fərqli istiqamətlərdə inkişaf etdirmək üçün qəbul etdiyimiz strateji qərarlar nəticəsində, müştərilərimizə təklif olunan xidmətlərin balansını ideal səviyyədə saxlamağa müvəffəq olmuşuq. İnkişaf dinamikasını kapitalda da görmək mümkündür; belə ki, 2025-ci il sonu etibarilə cəmi kapitalımızın həcmi ötən illə müqayisədə artaraq 1 milyard 332 milyon 504 min manata çatıb”.
C.Mirzəyev onu da əlavə edib ki, aktivlərimizin strukturuna daha detallı nəzər salsaq, ən böyük payın ənənəvi olaraq kredit portfelinə məxsus olduğunu görərik:
“Ötən illə müqayisədə kredit portfelimizdə 2.08% artım qeydə alınıb və ilin sonuna ümumi məbləğ 5 milyard 96 milyon 511 min manat olaraq Bank aktivlərinin 44%-ni təşkil edib. Bu böyümənin arxasında duran əsas səbəblər həm müştəri bazamızın, xüsusən pərakəndə və mikro seqmentdə davamlı artımı, həm də ölkə iqtisadiyyatındakı ümumi inkişaf meylləridir”.