Qarabağ qazisi Prezidentə və Təhsil Nazirliyinə müraciət etdi
44 günlük Vətən müharibəsi qazisi Mirzəyev Zaur Müslüm oğlu Prezident və Təhsil Nazirliyinə müraciət edərək, həyat yoldaşı Şükürova Rəvanə Kəramət qızının işə bərpasına kömək edilməsini xahiş edib.
Zaur Mirzəyev bildirib ki, ailəsi yalnız qazilərə verilən 380 manatlıq müavinətlə dolanır və iki məktəbli övladının təhsil xərclərini qarşılamaq imkanları yoxdur. Onun sözlərinə görə, Rəvanə xanım Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 5 nömrəli tam orta məktəbdə katibə vəzifəsində çalışırdı, lakin 2025-ci ilin avqust ayında ixtisara düşüb.
Qazi müraciətində həm Prezidentdən, həm də aidiyyəti dövlət qurumlarından həyat yoldaşının yenidən işə qəbul olunmasına dəstək göstərilməsini xahiş edib.
“Hörmətli Ali Baş Komandan, bir qazi kimi xahiş edirəm müraciətimi qəbul edin,” – deyə Zaur Mirzəyev vurğulayıb.
Məsələ ilə bağlı Prezident Administrasiyası və Təhsil Nazirliyindən rəsmi açıqlama gözlənilir.