Cəlilabadın Muğan kəndində biabırçılıq: şəhid oğluna hörmətsizlik, kənd isə baxımsız vəziyyətdə
Cəlilabad rayonunun Muğan kəndində şəhid ailəsinə qarşı edilən münasibət ciddi narazılıq doğurur.
Şəhid Nizami Alşanov Zeynal oğlunun adına olan küçə illərdir bərbad vəziyyətdədir.
Yolun yararsız olması səbəbindən kənd sakinləri gündəlik həyatlarında ciddi çətinliklərlə üzləşirlər.
Şəhid oğlu Prezidentə müraciət edərək bildirir ki, bələdiyyə sədri tərəfindən şəhid ailəsinə qarşı açıq hörmətsizlik nümayiş etdirilir, kənd sakinlərinin problemləri isə görməzdən gəlinir.
Yolun acınacaqlı vəziyyəti səbəbindən uşaqlar məktəbə gedə bilmir, sakinlər isə işlərinə vaxtında çatmaqda çətinlik çəkirlər.
Ən narahatedici məqam isə odur ki, bəzi sakinlər yaltaqlıq edərək bələdiyyə sədrinin mövqeyini müdafiə edir və haqqını tələb edən şəhid ailəsinə qarşı birləşərək onları incidirlər. Bu hal cəmiyyətdə ədalətsizliyin və məsuliyyətsizliyin bariz nümunəsi kimi qiymətləndirilir.
Şəhid ailəsinə göstərilən bu münasibət nə qanunlara, nə də milli-mənəvi dəyərlərimizə sığır. Aidiyyəti qurumların məsələyə dərhal müdaxilə etməsi və məsul şəxslər haqqında tədbir görülməsi tələb olunur.