Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən, şəhid Fəzail Qədimovun adını daşıyan 222 saylı tam orta məktəbdə Novruz bayramı münasibətilə mənalı təşəbbüs həyata keçirilib.
Məktəbin direktoru Aynurə Abdullayeva və müəllim kollektivi bayram günündə Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olmuş Fəzail Qədimovun doğulub boya-başa çatdığı evi ziyarət ediblər. Ziyarət zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Görüş zamanı şəhidin bacıları Nəzakət xanım və Mahirə xanım Fəzail Qədimovun həyat yolu, vətənə bağlılığı və döyüş xatirələri ilə bağlı dəyərli fikirlərini bölüşüblər. Onların səmimi xatirələri tədbir iştirakçılarında dərin duyğular oyadıb.
Qeyd edək ki, bu kimi ziyarətlər şəhidlərimizin xatirəsinin yaşadılması, onların keçdiyi şərəfli yolun gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.