
Vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik.
Həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.
Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur.
Qeyd etmək lazımdır ki, bu peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da bu riskin çətiri altında yaşamağa məhkum edir. Adam bəzən hissə qapılır və polisin fəaliyyətində riskin miqyasını görə, qiymətləndirə bilmir. Bəzən də polis haqsız iradlara, hətta böhtanlara məruz qalır. Əslində polisin hər bir uğuru, peşəkarlığı bu cür əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır. Biz demirik ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Amma müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.
Mərdlik göstərən polis əməkdaşımızı ictimaiyyətə tanıtmağı özümüzə borc bilirik. Bizim polisimiz bizi hər bir yerdə qoruyur.
Yaşasın Azərbaycan Polisləri.
Nuranə Allahverdiqızı