ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalını tamamilə istisna etdiyini bildirib.
Xəbər verilir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. Onun çıxışı ABŞ administrasiyasının YouTube kanalında yayımlanıb.
ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton nüvə zərbəsini Tehrana təzyiq vasitəsi kimi nəzərdən keçirmir və bu məsələ artıq gündəmdən çıxarılıb. Onun sözlərinə görə, hazırkı vəziyyətdə belə bir addımın nə strateji, nə də taktiki baxımdan mənası var.
“Belə bir addım üçün heç bir əsas yoxdur”, – deyə Tramp bildirib.
Bununla belə, Tramp həmin çıxışı zamanı ABŞ-ın İran ərazisinə zərbələri davam etdirə biləcəyini istisna etməyib. Amerika lideri həmçinin İranın tənəzzül vəziyyətində olduğunu, ölkə rəhbərlərinin öldüyünü, İranın Hərbi Hava Qüvvələri və donanmasının isə fəaliyyətini dayandırdığını bildirib.