İran ABŞ-ın ölkə ərazisinə yeni zərbə endirəcəyi təqdirdə Fars körfəzi ölkələrinin enerji infrastrukturunun cavab hücumlarının hədəfinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Xəbər verilir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturu və elektrik şəbəkəsinə mümkün zərbələr barədə bəyanatından sonra edilib.
İranın xarici işlər naziri Abbas Araqçi Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərdən olan həmkarları, eləcə də Pakistan Ordusunun Baş Qərargah rəisi ilə telefon danışıqları aparıb. Tehran Vaşinqtonun regional müttəfiqlərini vəziyyətin hərbi eskalasiyaya çevrilməsinin qarşısını almaq üçün təsirlərindən istifadə etməyə çağırıb.
Regional diplomatların sözlərinə görə, İranın bütün tərəfdaşlara göndərdiyi mesaj eyni olub: Tehran cavab verməyə hazırdır, lakin genişmiqyaslı münaqişənin qarşısını almağın ən yaxşı yolu diplomatik həll yoludur.
Körfəz ölkələrindən olan mənbələr bildiriblər ki, İran öz enerji obyektlərinə hücum ediləcəyi halda regiondakı neft yataqları, emal zavodları, elektrik şəbəkələri, su təchizatı və nəqliyyat infrastrukturu, eləcə də ABŞ-la əlaqəli digər hədəflərə zərbələr endirə biləcəyini açıq şəkildə bəyan edib.
Agentliyin məlumatına görə, Tehran bu xəbərdarlıqla bir tərəfdən Vaşinqtona təzyiq göstərməyə, digər tərəfdən isə ABŞ hərbi bazalarının yerləşdiyi və enerji ixracından asılı olan Körfəz ölkələrini çətin seçim qarşısında qoymağa çalışır.
Mənbələrin bildirdiyinə görə, bu təmaslardan sonra Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Donald Trampla telefon danışığı apararaq onu hərbi əməliyyatları təxirə salmağa, danışıqlara qayıtmağa və diplomatik həll yolunu seçməyə çağırıb.
Qətər və Oman da Vaşinqtonla Tehran arasında danışıqların bərpasını dəstəkləyiblər. İranlı mənbənin sözlərinə görə, region ölkələri yeni münaqişənin bütün Yaxın Şərqi "od topuna" çevirə biləcəyindən ehtiyat edirlər.
Bununla yanaşı, Ər-Riyad öz ərazisinə təhlükə yaranacağı halda özünü müdafiə edəcəyini və istənilən hücuma hərbi cavab verəcəyini bəyan edib.
Tehranın qiymətləndirməsinə görə, Donald Trampın qarşısında iki seçim var: ya bütün regionu əhatə edə və qlobal enerji bazarına təsir göstərə biləcək eskalasiyanı davam etdirmək, ya da ABŞ üçün tam qələbə kimi görünməyəcək diplomatik razılaşmaya razılıq vermək.