
Ölkəmizin bütün bölgələrində olduğu kimi 2024-cü il 20 yanvar tarixində laçınlıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərlinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailəsi üzvlərinin, müharibə veteranlarının və çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Taxta Körpü qəsəbəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi” qarşısında keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunmuş, əbədi məşəlin alovlandığı Xatirə kompleksi ziyarət olunaraq abidə önünə tər qərənfillər düzülmüşdür. Qeyd edilməlidir ki, hər bir xalqın taleyində elə tarixi günlər var ki, həmin an xalqın qan yaddaşına əbədi yazılır. Bu baxımdan XX əsrin 90-cı illərinin əvvəllərində milli azadlığı, suveren hüquqları və dövlət müstəqilliyi uğrunda mübarizəyə başlayan Azərbaycan xalqına qarşı o zamankı SSRİ rəhbərliyi tərəfindən əslində, Sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən ağır cinayət törədildi. Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları amansız qırğın planı hazırlayaraq Bakı ətrafına ən müasir silahlar və texnikalar ilə təchiz olunmuş müxtəlif qoşun hissələri yeridildi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycanda SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən günahsız insanların gülləbaran edilməsi əməliyyatına başladı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "erməni kartından" məharətlə istifadə edərək, Bakıya qoşun yeridilməsinin əsas məqsədi guya hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ektremistlər" tərəfindən hakimiyyətin ələ keçirilməsinin qarşısını almaqdan ibarət idi.hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılan möhtəşəm "Əbədi Məşəl" kompleksi də ümummilli lider Heydər Əliyevin Sərəncamına uyğun olaraq layihələndirilərək inşa olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Xalqımızın azadlığı yolunda canlarını qurban verən 20 Yanvar şəhidlərinə ehtiramı yüksək qiymətləndirən Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə abidə kompleksi inşa edilmişdir. 1990-cı ilin 20 yanvarında ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə yeni parlaq səhifə yazdılar. Vətən uğrunda canlarını qurban verən mərd, igid oğul və qızların uyuduğu Şəhidlər Xiyabanı xalqımızın and yerinə, milli iradəmizin şanlı səlnaməsinə çevrilib. Bu gün Şəhidlər Xiyabanında yanan "Əbədi məşəl" istiqlaliyyət yolumuza işıq salır. Ölməzliyə gedən yol onları əbədiyyətə, xalqımızı isə azadlığa qovuşdurdu. Bu bir şanlı tarixidr. Qanlı yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi yolunda canlarını qurban verən həmvətənlərimiz hər zaman hörmətlə yad olunacaqdır.Məğlub milləti qalib xalq etmiş yenilməz sərkərdə, dünyanı heyrətləndirməyi bacaran dövlət xadimi, Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin gücü ilə 30 ilə yaxın düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunması, eləcədə 2-ci Qarabağ müharibəsinin yekunu olaraq 2023-cü ilin 19-20 sentyabr tarixində bir gündən az müddətə ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə dövlət suverenliyimizin təmin edilməsilə Vətən yolunda canından keçmiş bütün şəhidlərimizin qisası alınaraq, ruhları rahatlıq tapmışdır. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunmuşdur. Hər il olduğu kimi bu ildə faciənin 34-cü il dönümündə bütün şəhidlərin əziz xatirəsi xalqımız tərəfindən ehtiramla yad olunur, ruhlarına dualar oxunur.