Qazi Coşqun Zeynalovun səhhəti ilə bağlı əlavə açıqlama
Qazi Coşqun Zeynalov Çingiz oğlunun xəstəliyinin gecikmiş mərhələdə olduğu bildirilib.
Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi, Əməkdar həkim Azad Kərimli tərəfindən verilən məlumata görə, xəstəyə vaxtında kimyaterapiya müalicəsi tövsiyə edilsə də, müxtəlif dövrlərdə bu müalicədən imtina olunub.
Bildirilib ki, sonradan xəstə yenidən tibb müəssisəsinə müraciət edib və qismən kimyaterapiya kursu alaraq müəyyən yaxşılaşma müşahidə olunub. Lakin xəstəliyin irəliləmiş mərhələdə olması səbəbindən sonrakı müalicə tədbirləri yüksək riskli hesab edilib.
Həkim konsiliumu tərəfindən aparılan müzakirələr zamanı kimyaterapiyanın mümkünlüyü qeyd olunsa da, bunun ciddi ağırlaşmalara səbəb ola biləcəyi vurğulanıb. Bu barədə xəstənin yaxınlarına ətraflı məlumat verilib və qərarın onların razılığı əsasında qəbul edilməsinin vacibliyi bildirilib.
Rəsmi açıqlamada həmçinin qeyd olunub ki, müalicə prosesində imtina halları xəstəliyin gedişatına mənfi təsir göstərir və nəticələrə birbaşa təsir edir.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi istisna olunmur.