Dünən axşam saatlarında İrəvanın Respublika meydanında Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirilib.
Xəbər verilir ki, Azərbaycan ordusunun antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz xunta rejiminin təslim olmasından sonra İrəvanın mərkəzində toplaşan etirazçılar Ermənistan hökumətini separatçılara dəstək vermədiyinə görə istefaya çağırıb.
Aksiya zamanı müxalif siyasətçilər də çıxış edib və Paşinyanın istefasını tələb edib. “Nikol satqındır!” şüarları səsləndirən etirazçılardan bəziləri polislə əlbəyaxa olub. Baş nazirin Respublika meydanındakı ofisinə şüşə və daş atıblar. Polis hökumət idarələrinə girişi bağlayıb, bir neçə nəfər həbs edilib.
Yerli "Hraparak" qəzeti yazır ki, aksiya keçirilən ərəfədə Nikol Paşinyan öz komandasını toplayıb və bütün gecəni onlarla birlikdə keçirib. O, komandasına heç bir halda hakimiyyəti təhvil verməyəcəyini, nəyin bahasına olursa olsun hakimiyyətədə qalacağını bildirib. Qəzetin məlumatına görə, Paşinyan ailəsini polisin nəzarəti altında Göyçədəki bağ evinə göndərib.
Erməni dilində fəaliyyət göstərən teleqram kanalları yazır ki, Paşinyanın iqamətgahına çoxlu sayda polis gətirilib. Polis bir neçə cərgədən ibarət baryer qurub.