Tədbirlər planına əsasən, 8 Noyabr - Zəfər bayramının 5-ci il dönümü ilə əlaqədar qazilərlə görüşün keçirilməsi məktəbimizdə təşkil olunmuşdur. Tədbir Ulu öndər H. Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məktəbin direktoru S. Məmmədov Zəfər tariximizlə bağlı geniş məlumat verdi, bildirdi ki, bu gün biz Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük qələbəni qürur və iftixarla qeyd edirik. Tədbirdə təşkilatçı müavin G. Təhməzova,idman rəhbəri S. Həsənov, vətən müharibəsi qaziləri Z. Ələmşahov, F. Əliyev, l Qarabağ müharibəsi iştirakçısı D. İmamalıyev iştirak etdilər. Məktəblilər qazilərimizin qəhrəmanlıq dolu xatirələrini dinlədilər. Daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edərək onların ruhuna dərin ehtiramlarını bildirdilər, gül dəstələri qoydular.
Görüş gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıdı.