Azərbaycan ABŞ-də CNN-ə qarşı federal məhkəmədə iddia qaldırıb. Buna səbəb CNN-in iyunun 5-də yayımladığı və Azərbaycan ərazisinin İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edildiyini iddia edən məqalə olub.
Azərbaycan tərəfi materialdakı iddiaları təkzib edib və CNN-dən yazıya düzəliş verməsini tələb edib. Rəsmi müraciətlərdən nəticə alınmadığı üçün Bakı məsələni məhkəməyə çıxarıb. İddia avqustun 17-də Delaver ştatının federal məhkəməsinə təqdim edilib.
Mövzu ilə bağlı alim, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev açıqlama verib:
“Azərbaycanın ABŞ-nin Delaver ştatının federal məhkəməsində CNN-ə qarşı qaldırdığı iddianın nəticəsini əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir. Lakin mövcud ABŞ hüququ və xüsusilə Delaver məhkəmələrinin son qərarları əsasında demək olar ki, işin mərkəzində Azərbaycanın CNN-in yaydığı məlumatların yanlış olduğunu göstərməsi ilə yanaşı, CNN-in həmin məlumatları bilərəkdən və ya onların doğruluğuna ciddi şübhə ilə yanaşaraq dərc etdiyini sübut edib-etməyəcəyi dayanacaq.
Delaver hüququnda defamasiya iddiası üçün, ümumilikdə, cavabdehin iddiaçı haqqında reputasiyaya zərər vura biləcək məlumat yayması, həmin məlumatın üçüncü şəxslərə çatdırılması, onun defamasiya xarakterinin başa düşülməsi, cavabdehin təqsiri və zərərin mövcudluğu kimi elementlər nəzərdən keçirilir. İddiaçı ictimai şəxsdirsə, əlavə olaraq məlumatın yanlışlığı və “actual malice” sübut edilməlidir.
Bu işdə ən mühüm məqam Azərbaycanın hansı hüquqi statusda qiymətləndiriləcəyidir. Dövlətin özü adi fiziki şəxs kimi “reputasiya” iddiası qaldırdıqda hüquqi maneələr daha mürəkkəb ola bilər. Məhkəmə həmçinin iddianın hansı hüquqi əsasla irəli sürüldüyünü, ABŞ federal məhkəməsinin yurisdiksiyasını, tətbiq ediləcək hüququ və dövlətin kommersiya və ya suveren xarakterli fəaliyyətindən söhbət getdiyini ayrıca araşdıracaq. Buna görə işin ilk mərhələsində belə CNN-in materialın mahiyyəti üzrə müdafiəsinə keçmədən iddianın prosessual və yurisdiksiya əsaslarına etiraz etməsi real ssenaridir.
Əgər məhkəmə Azərbaycanın iddiasının mahiyyəti üzrə araşdırılmasına imkan verərsə, əsas sual CNN-in 5 iyun 2026-cı il tarixli materialındakı konkret ifadələrin fakt iddiası, yoxsa jurnalist qiymətləndirməsi və ya rəy olması olacaq. Delaver hüququnda məhkəmə əvvəlcə ifadənin fakt, yoxsa qorunan fikir olduğunu müəyyənləşdirir, qorunan fikir defamasiya iddiasının predmetinə çevrilə bilməz”.
Dosent, məsələnin yoxlanıla bilən bir fakt iddiası olduğunu bildirib:
“Əgər CNN-in yazdığı əsas iddia - Azərbaycan ərazisinin İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi konkret fakt kimi təqdim olunubsa, Azərbaycan üçün daha ciddi hüquqi arqument yaranır. Çünki belə bir iddia prinsip etibarilə yoxlanıla bilən fakt iddiasıdır. Məhkəmə bu zaman yalnız “CNN yanılıb, ya yox?” sualını deyil, həm də “CNN bunu hansı mənbələrə əsasən yazıb və həmin mənbələrin etibarlılığına nə dərəcədə inanmaq üçün əsas var idi?” sualını araşdıracaq.
Burada Azərbaycanın CNN-ə əvvəlcədən göndərdiyi təkziblər və düzəliş tələbləri xüsusi əhəmiyyət qazana bilər. Təkzib tələbinin özü avtomatik olaraq “actual malice” sübutu deyil. Məhkəmə sonrakı davranışı qiymətləndirərkən CNN-in xəbərdarlıq aldıqdan sonra hansı addımları atdığını, mənbələrini yenidən yoxlayıb-yoxlamadığını, mövcud sübutlara baxmayaraq məlumatı olduğu kimi saxlayıb-saxlamadığını nəzərə ala bilər. Delaver məhkəmələrinin son təcrübəsində də yalan olduğu bildirilən məlumatı geri götürməkdən imtina müəyyən hallarda “actual malice” barədə nəticə çıxarılmasına kömək edən hallardan biri kimi qiymətləndirilə bilər”.
“Əgər Azərbaycan qalib gəlsə, bunun siyasi nəticəsi hüquqi nəticəsindən daha geniş ola bilər. Məhkəmə qərarında CNN-in konkret iddiasının yanlış və hüquqi məsuliyyət doğuran xarakter daşıdığı müəyyənləşdirilərsə, Azərbaycan bu qərarı beynəlxalq informasiya müstəvisində öz mövqeyini gücləndirmək üçün istifadə edə bilər. Xüsusilə söhbət Azərbaycanın İsrail-İran qarşıdurmasında tərəflərdən birinə hərbi və ya kəşfiyyat dəstəyi verməsi barədə iddiadan gedirsə, belə qərarın siyasi və diplomatik çəkisi adi media mübahisəsindən daha böyük ola bilər”.
Ə.Allahverdiyev, ABŞ məhkəməsində qalibiyyət üçün daha yüksək bir həddin keçilməli olduğunu söyləyib:
“Fikrimcə, Azərbaycanın CNN-dən sadəcə “məlumatı sübut etməsini” tələb etməsi hüquqi baxımdan kifayət qədər güclü arqument olsa da, ABŞ məhkəməsində qalibiyyət üçün daha yüksək bir hədd keçilməlidir: məlumatın yanlışlığı ilə yanaşı, CNN-in bunu bilərəkdən və ya həqiqətə qarşı ciddi etinasızlıqla dərc etdiyini göstərən sübutlar lazımdır. Delaver məhkəmələrinin son qərarlarında “actual malice” standartının yüksək olduğu və ictimai şəxsin bunu aydın və inandırıcı sübutlarla əsaslandırmalı olduğu vurğulanır”.
Onun sözlərinə görə bu iş yalnız bir media qurumunun bir məqaləsinə görə məsuliyyət məsələsi deyil.
“Əgər məhkəmə prosesində iddianın arxasında dövlətlərarası kəşfiyyat məlumatlarının dayandığı ortaya çıxarsa, işin hüquqi çəkisi də dəyişəcək: məhkəmə faktiki olaraq geosiyasi mübahisəni həll etməsə də, onun hansı hissəsinin etibarlı informasiya, hansı hissəsinin təsdiqlənməmiş iddia olduğunu müəyyənləşdirən mühüm hüquqi platformaya çevrilə bilər. Bu isə nəticədə media mübahisəsinin diplomatik və siyasi nəticələr doğurması ilə nəticələnə bilər, lakin bu, məhkəmənin özünün siyasi prosesə çevrilməsi demək deyil”- hüquqşünas, vurğulayıb.