Sabirabadda Qaziyə qarşı biabırçı münasibət – İcra başçısı Siraqəddin Cabbarov Qarabağ qazisini dərmansız qoydu!
Sabirabad rayon sakini, 1-ci qrup Qarabağ qazisi Əli Əliyev Tofiq oğlu ciddi haqsızlıqla üzləşdiyini bildirir. Qazinin sözlərinə görə, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tərəfindən ona qarşı qeyri-insani və təhqiramiz münasibət göstərilib.
Əli Əliyev iddia edir ki, icra başçısı onu və ailəsini təhqir etməklə kifayətlənməyib, həm də aldığı dərman pullarının kəsilməsinə səbəb olub. Bununla yanaşı, qazinin anasının da işdən azad etdirildiyini bildirir. Nəticədə ailə son dərəcə ağır və acınacaqlı vəziyyətə düşüb.
Qazi deyir ki, illərdir yaşayış problemi ilə üz-üzə qalıb, küçələrdə və çətin şəraitdə həyat sürür. Onun sözlərinə görə, sağlamlıq vəziyyəti onsuz da ağır olduğu halda, dərman təminatının da dayandırılması vəziyyəti daha da çıxılmaz edib.
Əli Əliyev bu haqsızlıqla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək kömək istəyib. Qazi dövlət başçısından onun probleminə diqqət yetirilməsini, haqqının bərpa olunmasını və məsul şəxslərin araşdırılmasını xahiş edir.
Qarabağ uğrunda sağlamlığını itirən bir qazinin bu cür vəziyyətə düşməsi cəmiyyətdə ciddi narazılıq doğurur.
Ümid edilir ki, məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və qazinin hüquqları bərpa olunacaq.