Hazırda Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı səfərləri şəxsiyyət vəsiqəsi ilə mümkündür. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qarşılıqlı əlaqələrin hər gün bir qədər də inkişaf etməsinə şahidlik edirik. Buna nümunə kimi Prezident İlham Əliyevin Özbəkistan səfərini xatırlamaq kifayət edir. TDT-yə üzv ölkələrin münasibətlərindəki yüksək səviyyədə irəliləyişi nəzərə aldıqda, Türkiyə ilə olduğu kimi, TDT-yə üzv digər ölkələrlə də qarşılıqlı vəsiqə ilə gediş-gəlişin olması üçün heç bir maneə görünmür.
TDT-yə üzv ölkələrin vətəndaşlarının qarşılıqlı şəxsiyyət vəsiqəsi ilə səfərlərinin nə zaman mümkün olacağı diqqət və maraq doğurur.
Məsələ ilə bağlı açıqlama verən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Azərbaycandan olan üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, TDT tədricən daha vahid siyasi və iqtisadi birlik istiqamətində inkişaf edir:
"Geosiyasi və geoiqtisadi proseslər təşkilat daxilində inteqrasiyanın daha da sürətlənməsinə zəmin yaradır. Türk Dövlətləri Təşkilatı hər gün bir qədər daha çox vahid siyasi birliyə çevrilir. Ancaq ikitərəfli münasibətlər kontekstində təşkilatın həm də vahid iqtisadi birliyə çevrilmək potensialına malik olduğunu görürük. Yəni geosiyasi və geoiqtisadi kontekstdə biz TRIPP və Transxəzər marşrutu açıldıqdan sonra daha sürətli inteqrasiyaya şahidlik edəcəyik”.
H.Babaoğlu TDT-yə üzv ölkələrin vətəndaşlarının digər üzv dövlətlərə şəxsiyyət vəsiqəsi ilə səfər etməsi məsələsinin də təşkilat daxilində müzakirə olunan prioritet istiqamətlərdən biri olduğunu deyib.
“Digər TDT-yə üzv ölkələrə də şəxsiyyət vəsiqəsi ilə getmək əslində təşkilat daxilində müzakirə olunan prioritetlərdən biridir. Bu barədə TDT-nin Baş katibi cənab Kubanıçbek Ömuralıyev ötən il bizim fikirlərimizi təsdiq edən açıqlama vermişdi”, - deyə deputat qeyd edib.
Deputat bununla belə, belə bir sistemin tətbiqi üçün ilk növbədə hüquqi və texniki məsələlərin həll edilməsinin vacibliyini vurğulayıb:
“Ancaq nəzərə almaq lazımdır ki, hüquqi və texniki məsələlərin həll edilməsini tələb edir. Çünki ilk növbədə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qarşılıqlı hüquqi saziş imzalanmalıdır. Şəxsiyyət vəsiqəsi standartlarının nəzarət-keçid məntəqələrində yoxlanılması üçün xüsusi texniki vasitələr quraşdırılmalıdır. Bundan sonra ümumi siyasi-iqtisadi məkan kimi vətəndaşların qarşılıqlı hərəkət imkanları yarana bilər. Bu, çox uzaqda olan gələcək deyil. Qarşımızdakı mərhələdə, bir neçə il ərzində baş tuta biləcək hadisədir”.