Rusiyanın Amur vilayətində yerləşən Amur qaz-kimya kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Daha 9 nəfərin taleyi isə hələlik məlum deyil.
Rusiya KİV-nə istinadən xəbər verilir ki, bu barədə kompleksin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, kompleksin ərazisində yanğın ocaqları artıq tamamilə söndürülüb. Hazırda texnoloji qazların qalıq həcmlərinin nəzarətli şəkildə yandırılması prosesi başa çatdırılır.
Axtarış-xilasetmə işləri zamanı podratçı şirkətin əməkdaşları olan daha 4 Çin vətəndaşının meyiti aşkarlanıb.
Beləliklə, faciə nəticəsində 7 nəfərin öldüyü təsdiqlənib. Onlardan 1-i Rusiya, 6-sı isə Çin vətəndaşıdır.
Hazırda podratçı şirkətdə çalışan daha 9 Çin vətəndaşının taleyi məlum deyil və onların axtarışı davam etdirilir.
Yanğın avqustun 25-də kompleksin tikinti sahəsində baş verib. Hadisədən sonra çox sayda insan müxtəlif dərəcəli xəsarətlərlə tibbi yardım üçün müraciət edib. Rəsmi məlumatlara görə, 152 nəfər tibbi yardım alıb, 36 yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda hadisənin baş verdiyi ərazidə araşdırma aparılır. Yanğının dəqiq səbəbləri və hadisənin bütün təfərrüatları araşdırılır.