
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının və artıq keyfiyyətcə yeni mərhələyə daxil olmasının mühüm göstəricisidir.
Azərbaycan və Özbəkistanı birləşdirən dəyərlər yalnız dövlətlərarası maraqlarla məhdudlaşmır. Xalqlarımız ortaq tarixə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və eyni sivilizasiya məkanına bağlıdır. Məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər son illərdə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu səfərin mühüm cəhətlərindən biri odur ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilə bilməz. Bakı ilə Daşkənd arasında formalaşan strateji xətt Cənubi Qafqazla Mərkəzi Asiyanı bir-birinə daha sıx bağlayır, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə əlavə dinamika verir və bütövlükdə Türk dünyasının siyasi və iqtisadi çəkisini artırır.
Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişlənməsi böyük perspektivlər açır. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu və Orta Dəhlizin artan imkanları Mərkəzi Asiyanın, o cümlədən Özbəkistanın Avropa bazarlarına çıxışı baxımından strateji əhəmiyyət daşıyır. Bu mənada Azərbaycan yalnız coğrafi körpü deyil, Şərqlə Qərb arasında formalaşan yeni iqtisadi və nəqliyyat arxitekturasının fəal iştirakçılarından biridir.
İki ölkə arasında investisiya, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişlənməsi də göstərir ki, siyasi münasibətlər getdikcə daha güclü iqtisadi məzmun qazanır. Qarşılıqlı investisiyaların və birgə müəssisələrin artması gələcəkdə Azərbaycan və Özbəkistanın üçüncü ölkələrin bazarlarında da ortaq layihələrlə çıxış etməsinə imkan yarada bilər.
Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfəni isə Azərbaycan xalqı xüsusi minnətdarlıqla qarşılayır. Mənim də dogulub boya başa catdıgım Füzuli rayonunda işgaldan azad olduqdan sonra Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi sadəcə sosial layihə deyil, qardaşlığın və həmrəyliyin əməli ifadəsidir. İşğaldan azad edilmiş Azərbaycan torpağında Özbəkistanın belə bir iz qoyması xalqlarımız arasındakı münasibətlərin mənəvi mahiyyətini çox aydın nümayiş etdirir.
Prezident İlham Əliyevin hazırkı dövlət səfəri göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri qarşıdakı dövrdə daha geniş regional məzmun qazanacaq. Bu əməkdaşlıq Xəzərin iki sahilini, Cənubi Qafqazı və Mərkəzi Asiyanı birləşdirən yeni siyasi, iqtisadi və humanitar körpünün möhkəmlənməsinə xidmət edir.
Hesab edirəm ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi bütövlükdə Türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir. Ortaq tarixi və mənəvi köklər üzərində qurulan qardaşlıq bu gün konkret iqtisadi layihələr, nəqliyyat dəhlizləri, investisiyalar və siyasi müttəfiqliklə tamamlanır.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin əsas siyasi əhəmiyyəti də məhz bundadır: tarixi qardaşlıq strateji müttəfiqliyə, strateji müttəfiqlik isə ortaq gələcəyin qurulmasına çevrilir.
Umud Rəhimoğlu/ Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti