Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr may ayında keçirilən sammitdə Ermənistan rəhbərliyinə referendum keçirməyi və ölkənin gələcək istiqamətini müəyyənləşdirməyi təklif edib.
Xəbər verilir ki, bu barədə açıqlama verən Rusiya rəsmisi Ermənistanın qarşısında seçim olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinə “Avropa İttifaqına qoşulmaq, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq istəyirsiniz?” sualına referendum yolu ilə cavab vermək təklif olunub.
“Məncə, bu, tamamilə əsaslandırılmış xahişdir. Bir təşkilatın normaları digərinin normaları ilə uyğun gəlmir. Bu barədə dəfələrlə danışılıb”, - deyə o bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə daha əvvəl “vaxtı gələndə” qərar verəcəyini açıqlayıb.
Rusiya rəsmisi Paşinyanın bu mövqeyini də tənqid edib:
“Amma “vaxtı gələndə” nə deməkdir? Əgər sən Ermənistanın Avropa İttifaqına üzvlüyünə başlamaq haqqında qanun qəbul etmisənsə, necə?”
O, Paşinyanın referendumla bağlı son açıqlamasına da diqqət çəkib. Bildirib ki, Ermənistan Baş naziri referendum məsələsinin yalnız ölkənin Aİ-yə üzvlük üçün müraciəti təqdim edildikdən, həmin müraciətə reaksiya verildikdən və üzvlüklə bağlı “yol xəritəsi” hazırlandıqdan sonra müzakirə edilə biləcəyini deyib.
“Bu, məncə, erməni seçicilərinə və erməni xalqına o qədər də böyük etimadın olmadığını göstərir”, - deyə Rusiya rəsmisi vurğulayıb.