Qarabağ Qazisi Bəxtiyar Məmmədli Sərt Tənqid Etdi: “Əlillər Günündə Ayrı-seçkilik. Həqiqətləri Ortaya Tökməyin Zamanıdır!”
Qarabağ müharibəsi qazisi Bəxtiyar Məmmədli bildirib ki, Beynəlxalq Əlillər Günündə Sosial Xidmətlər Agentliyinin fəaliyyəti əlillərə dəstək əvəzinə, ayrı-seçkilik və ədalətsizliyin açıq nümunəsinə çevrilib. Onun sözlərinə görə, 30 manat kimi simvolik yardım belə gizli meyarlarla, qeyri-şəffaf şəkildə bölüşdürülür, bu isə dövlətin sosial siyasətinə kölgə salır.
“Minlərlə əlilliyi olan vətəndaş müraciət etdiyi halda, yardım yalnız seçilmiş azlığa verilib. Heç bir rəsmi sənəddə yer almayan ‘81–100%’ meyarı şifahi şəkildə irəli sürülür. 40–60% və 61–80% əlilliyi olanlar bu ölkənin vətəndaşı deyilmi? Qarabağda sağlamlığını itirən qazilərin bir qismi niyə görməzdən gəlinir?” deyə Bəxtiyar Məmmədli vurğulayıb.
O, həmçinin bildirib ki, rədd cavabı alan vətəndaşlara əsaslandırılmış yazılı cavab verilmir və proses tamamilə qeyri-şəffafdır. “Əlillər Günü bir günlüyə ‘hesabat xatirinə’ deyil, real və bərabər dəstək üçün olmalıdır,” Qazi əlavə edib.
Bəxtiyar Məmmədli aidiyyəti qurumlardan tələb edib ki, yardım meyarları rəsmi şəkildə açıqlansın, ayrı-seçkiliyə yol verən şəxslər məsuliyyətə cəlb olunsun. “Əlillər arasında faizlə bölgü aparmaq vicdansızlıqdır. Sosial ədalət selektiv ola bilməz. Bu susqunluq deyil, məsuliyyətsizlikdir,” deyə o bildirib.