İkinci Qarabağ müharibəsi əlili Babayev İlkin Nazar oğlu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Qazi müraciətində bildirir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, medallarla təltif olunub və 2023-cü ilin avqust ayında hərbi xidmətdən əlilliyə görə ehtiyata buraxılıb.
Onun iddiasına görə, Müdafiə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyəti nəticəsində qanuni hüquqları bərpa olunmayıb. Babayev qeyd edir ki, məhkəmənin iddiasını qismən təmin edən qərarına baxmayaraq, Müdafiə Nazirliyi imtina aktı tərtib edib.
O, həmçinin xidmət dövründə aldığı 480 manatlıq sülhməramlı ödənişinin pensiya hesablanarkən nəzərə alınmadığını iddia edir.
Müraciətdə daha sonra bildirilir ki, Qax rayon DSMF-də qarşılaşdığı münasibətdən sonra ağır psixoloji vəziyyət keçirərək özünə xəsarət yetirib. O, əvvəllər də yaşadığı süründürməçilik səbəbindən özünə ağır bədən xəsarətləri yetirdiyini qeyd edir.
43 yaşlı, iki övlad atası olan qazi Birinci vitse-prezidentdən məsələnin araşdırılmasına kömək göstərilməsini, Müdafiə Nazirliyi tərəfindən imtina aktının ləğv edilməsini, yeni sənədlərin hazırlanaraq DSMF-yə təqdim olunmasını və pensiyasının yenidən hesablanmasını xahiş edir.
Qeyd edək ki, məqalədə yer alan məlumatlar müraciət müəllifinin iddialarına əsaslanır. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi təqdim olunacağı təqdirdə dərc ediləcək.