Demək, mətbuatda ədəbiyyat üzrə dövlət mükafatının təsis ediləcəyi açıqlanıb...
Həmin dövlət mükafatının hansı qaydalar əsasında veriləcəyini, eyni zamanda, o dövlət mükafatına layiq görülən qələm adamının özünə və yaradıcılığına göstəriləcək diqqətin nələrdən ibarət olduğunu oxuyanda... “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa” deyimini öz - özümə pıçıldadım.
O tezisdəki bütün müddəalar mahiyyətcə, görünüşcə çox yaxşı. Amma və lakin(!) elə mahiyyətcə, görünüşcə!.. ÇÜNKİ (sözdən əmələ əməli işə keçəndə!) görəsən, bu mükafatın verilməsində ana xətt SƏNƏT və ƏDALƏT amillərinin VƏHDƏTi olacaqmı?! Həə, necə deyərlər, burada özünüzü gərək ki, aldatmayasınız. İllah da bu mühitdə — “mövqeyi güllələnmişlər çoxluğu”nda!
... Gözümüzün önündə illərdi ki, bu ədəbi, mətbu mühitdə (pərdəarxası zənglərin, xahişlərin, yarınmağa “xidmət” edən xislətlərin, eyni zamanda, “maraqlar diqtəsi”nin fonunda!) hansı “şahmat oyunları” gedir, təfsilatı ilə çox yaxşı görürük.
Az qism istisna olmaqla(!)... MƏGƏR, bu günə qədər bu gözəlim məmləkətdə təqdimatlar doğru - dürüst şəkildə yazıldı? YOXSA, haqqı çatan istedadlara evlər doğru - düst şəkildə verildi? YA BƏLKƏ təltiflər doğru - dürüst şəkildə sahibini tapdı? Əlbəttə ki, yox!..
İndi sözümün canı odur ki, məsələ dövlət mükafatının təsis edilməsində yox, onun öz sahibinə necə gedib çatmasındadır...
Emil Rasimoğlu
şair-publisist