Azərbaycan Respublikasının qanunlarının və Prezident tərəfindən təsdiq edilən sərəncamların bəzi hallarda ayrı-ayrı şəxslərə eyni formada tətbiq olunmaması ilə bağlı iddialar ictimai müzakirə mövzusuna çevrilib.
Son günlər jurnalist fəaliyyəti adı altında reketlik etməkdə ittiham olunan şəxslərlə bağlı məsələ sosial şəbəkələrdə və ictimai platformalarda geniş rezonans doğurub.
Məlumatlara görə, Pərvin Abışova və İfadə Cəfərzadə barəsində Nəsimi Rayon Polis İdarəsinə daxil olan çoxsaylı şikayətlər əsasında Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi üzrə araşdırma aparılıb. Həmin şəxslərin şantaj yolu ilə pul tələb etmə ittihamı ilə saxlanıldığı, daha sonra isə azadlığa buraxıldığı bildirilir.
Hazırda onların sərbəst qalması ictimaiyyət arasında müxtəlif reaksiyalar doğurub. Eyni maddə ilə ittiham olunan bəzi şəxslərin hazırda cəzaçəkmə müəssisələrində olduğu iddiaları fonunda, bu iş üzrə fərqli yanaşma və qərarların səbəbləri müzakirə olunur.
İctimaiyyət nümayəndələri qanunun aliliyinin və bərabərlik prinsipinin bütün hallarda eyni şəkildə tətbiq olunmasının vacibliyini vurğulayır, həmçinin məsələyə dair daha geniş rəsmi izahın verilməsini tələb edirlər.
Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.