Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində səyyar qəbul-görüş keçirib.
2 sentyabr 2026-cı il tarixində keçirilən görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial və digər məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
Görüş zamanı əhalinin problemlərinin yerində öyrənilməsinin və onların operativ şəkildə həll edilməsinin vacibliyi vurğulanıb. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Prezident İlham Əliyevin tapşırıqlarının icrası, vətəndaşların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin həlli məqsədilə bu cür səyyar görüşlərin mühüm əhəmiyyət daşıdığını bildirib.
Səyyar qəbulda, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yüksəldilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Bundan əlavə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək haqqında Azərbaycan Respublikası Prezidentinin 3587 nömrəli Sərəncamının 3.1.2-ci bəndinin icrası ilə əlaqədar məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə qayıdışı istiqamətində aparılan təbliğat, izahat və təşviqat işlərindən danışılıb.
Qəbul zamanı vətəndaşların qaldırdığı məsələlərin bir hissəsi yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib və məsələlərin icrası nəzarətə götürülüb.
Görüşün sonunda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.![]()
![]()
![]()
![]()
![]()
![]()