2026-cı il 8 sentyabr tarixdə Laçın rayon sakinlərinin kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib.
Konfransda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisin deputatı Rövşən Muradov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kuratoru Rəşad Abbaszadə, rayonun tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, müharibə əlilləri, ərazi partiya təşkilatlarının sədrəri və sədr müavinləri, partiya fəalları iştirak ediblər.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Taxta Körpü qəsəbəsindəki büstü ziyarət olunub. Dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib, büstün önünə tər gül dəstələri qoyulub.
Sonra konfrans öz işinə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Laçın rayon təşkilatının XII hesabat konfransında VII qurultaydan ötən dövr ərzində görülən işlər və əldə olunan nəticələr geniş müzakirə olunub.
Hesabat məruzəsi ilə çıxış edən YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti ərzində zəngin və şərəfli yol keçdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini bildirib.
Şamo Qasımov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlməklə yanaşı, gənc Azərbaycan dövlətinin gələcək taleyi baxımından mühüm dönüş nöqtəsi olub. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi əsasında və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dövlət qüdrəti və beynəlxalq nüfuzu daha da yüksəlib.
Bildirilib ki, YAP Laçın rayon təşkilatı fəaliyyətini partiyanın Nizamnaməsinə, yerli təşkilatları haqqında Əsasnaməyə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun quraraq təşkilati, ideoloji, ictimai-siyasi fəaliyyət və üzvlərlə iş istiqamətlərində ardıcıl tədbirlər həyata keçirib.
Qeyd olunub ki, YAP Laçın rayon təşkilatı partiyanın ilk gündən formalaşan rayon strukturlarından biri kimi Laçının işğal altında olduğu dövrdə də fəaliyyətini uğurla davam etdirib. Laçının işğaldan azad edilməsindən sonra isə təşkilat qarşısında yeni və mühüm vəzifələr yaranıb. Hazırda rayon təşkilatı azad Laçında ictimai-siyasi proseslərin fəal iştirakçısı kimi fəaliyyətini davam etdirir.
Hesabat dövründə ideoloji fəaliyyət istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsinin, milli dövlətçilik dəyərlərinin, eləcə də Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğinə xüsusi diqqət yetirilib. Bu istiqamətdə təşkilat tərəfindən 438 tədbir, görüş və aksiya keçirilib.
Şamo Qasımov bildirib ki, hesabat dövründə partiya üzvlərinin sayının artırılması və üzvlük bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Hazırda YAP Laçın rayon təşkilatının 37 ərazi partiya təşkilatında 4219 üzv birləşir. Onların 2210 nəfəri qadınlar, 437 nəfəri isə gənclərdir. Hesabat dövründə 1024 nəfər partiya sıralarına qəbul olunub.
Hesabat məruzəsinin sonunda təşkilatın qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərindən danışılıb.
Konfransda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edib, müstəqilliyimizi möhkəmləndirib və ölkəmizin hüquqi, dünyəvi və demokratik dövlət kimi inkişafının möhkəm təməlini yaradıb.
Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar əldə edib, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib. Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən Laçında görülən işlər Böyük Qayıdış prosesinin uğurla həyata keçirildiyini nümayiş etdirir.
Natiq çıxışnda Yeni Azərbaycan Partiyasının tarixi ilə müasir Azərbaycanın inkişaf salnaməsinin sıx bağlı olduğunu qeyd edib. O, YAP Laçın rayon təşkilatının hesabat dövründə həyata keçirdiyi fəaliyyəti qənaətbəxş qiymətləndirib.
Milli Məclisin deputatı Rövşən Muradov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası müasir çağırışlara uyğun olaraq fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən dinamik ictimai-siyasi qüvvədir.
Deputat uğurlu gənclər siyasətinin YAP-ın siyasi dinamizminin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək Azərbaycan gənclərinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə böyük dəstək verdiyini vurğulayıb. R.Muradov YAP Laçın rayon təşkilatının keçirdiyi çoxsaylı tədbirlərdə iştirak etdiyini bildirərək onların, xüsusilə tədbirlərin Laçın şəhərində keçirilməsinin əhəmiyyətini qeyd edib və təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.
Konfransda Yeni Azərbaycan Partiyası veteranı Səyyaf Məmiyev, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Laçın rayonu üzrə nümayəndə Türkanə Nuriyeva və Vətən müharibəsi qazisi Cövhər Sadıqzadə də çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin Azərbaycanın inkişafında mühüm rolundan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə əldə olunan tarixi nailiyyətlərdən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən bəhs olunub. Bildirilib ki, Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində Prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına ifadə etdiyi böyük inam son illərdə Azərbaycanın qazandığı uğurlarla öz təsdiqini tapıb.
Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident cənab İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil olunmaqdan böyük qürur hissi keçirdiyini bildirən çıxışçlar YAP Laçın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək təşkilatın Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi dəyərlərin təbliği, eləcə də partiya üzvlərinin fəallığının artırlması istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıblar.
YAP Mərkəzi Aparatının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kuratoru Rəşad Abbaszadə Yeni Azərbaycan Partiyasının yaranmasından, 34 illik fəaliyyəti dövründə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Rəşad Abbaszadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının yeni mərhələsini yaşayır. O, YAP-ın xalqın sevgisini və etimadını qazandığını, ölkədə ictimai-siyasi sabitliyin və milli həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Rəşad Abbaszadə YAP Laçın rayon təşkilatının fəaliyyətini yaxından izlədiyini, mayın 3-də Laçın şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: şanlı Zəfərdən parlaq gələcəyə” mövzusunda keçirilən tədbirdə iştirak etdiyini bildirib və rayon təşkilatının gördüyü işləri müsbət qiymətləndirib.
Konfransda çıxış və təkliflər dinlənildikdən sonra müvafiq qərar qəbul etdikdən sonra Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.







