Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Modern.az-a geniş müsahibə verib. Müsahibədə indiyədək toxunulmayan xeyli məqamlara aydınlıq gətirilib.
əvvəli bu linkdə
- Cənab sədr, necə hesab edirsiniz, Sizcə, maliyyə vəsaitinin intizamlı istifadəsi istiqamətində inzibati məsuliyyətin artırılmasına ehtiyac varmı?
- Məlum olduğu kimi, vəsaitin təyinatı üzrə istifadəsini, dövlət satınalmaları ilə bağlı qanunvericiliyə əməl edilməni artırmaq məqsədilə həm İnzibati, həm də Cinayət Məcəlləsidə dəyişikliklər edilmişdir. Hesab edirik ki, dövlət qurumlarının hesabatlılığının gücləndirilməsi üzrə də məsuliyyətlər müəyyən edilə bilər. Lakin məsuliyyətlə yanaşı, nətəcəəsaslı çərçivənin tətbiqinin genişləndirilməsinə də zərurət var. Dövlət qurumlarının dövlət vəsaitinin idarəedilməsinə baxışında dəyişiklik, xüsusilə strateji idarəetmə prinsiplərinin tətbiqinin gücləndirilməsi maliyyə vəsaitinən daha səmərəli, qənaətli və nəticəli istifədəyə şərait yaradar.
- Bəs dövlət satınalmaları ilə bağlı hansı məqamları vurğulamaq istərdiniz?
- Dövlət satınalmalarında bir mənbədən satınalmaların yüksək paya malik olması diqqətə alınmalı məqamdır. Bu metod qanunvericilikdə nəzərdə tutulmuş hallarda tətbiq edilsə də, onun geniş istifadə olunması rəqabət mühitinin zəifləməsinə səbəb ola bilər. Bundan əlavə, satınalmaların əsasən ilin ikinci yarısında cəmləşməsi və satınalma proseslərinə ilin əvvəlində kifayət qədər erkən başlanılmaması da rast gəlinən problemlərdəndir. Bu hallar həm büdcə vəsaitlərinin daha səmərəli planlaşdırılmasına, həm də satınalma prosesinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, çərçivə sazişləri kimi daha çevik satınalma alətlərindən məhdud istifadə edilməsi də sistemdə inkişaf etdirilməsi vacib olan istiqamətlərdəndir. Daha bir məsələ ləğv edilmiş satınalmaların sayı və məbləğidir. 2025-ci ildə təxminən 500 milyon manat məbləğində 1360 satınalma ləğv edilib. Bu məsələ üzrə təhlil aparırıq. İlkin gəldiyimiz nəticələr bundan ibarətdir ki, ləğv olunmuş satınalmaların sonradan keçirilməməsi halı üstünlük təşkil edir.
- Vüqar müəllim, dünyada süni intellekt artıq əksər sahələrdə istifadə edilir. İşinizin sürətlənməsi üçün Hesablama Palatası böyük həcmli məlumatların təhlili (Big Data) və AI texnologiyalarından istifadə etməyi planlaşdırırmı?
- Bildiyiniz kimi, dövlət maliyyəsinin idarəedilməsi sahəsində islahatların aparılması, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən tapşırıqlar verilmişdir. Bu tapşırıqlar dövlət orqanlarının, o cümlədən Hesablama Palatasının məsuliyyətini artırmaqla onun qarşısında yeni vəzifələr müəyyən edir. Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məqsədilə Rəqəmsal Şura yaradılmışdır. Şuraya rəhbərliyin Birinci vitse-prezidentin təyin edilməsi bu məsələyə ali rəhbərliyini yüksək diqqətini göstərir.
Cənab Prezidentin bu istiqamətdə tapşırıqlarını nəzərə alaraq biz də müxtəlif fəaliyyətlərin həyata keçirilməsinə başlamışıq. Hazırkı tarixə dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində mühüm irəliləyiş əldə etmişik. Artıq standartlaşdırılmış vahid yanaşmaya əsaslanan, Vahid Giriş Sistemi və elektron imza ilə inteqrasiya olunmuş platforma yaradılıb. 2000-dən çox hesabat müvafiq platforma vasitəsilə Hesablama Palatasına daxil olub. Bu platforma Hesablama Palatasına hesabatların və digər zəruri məlumatların elektron qaydada təqdim etməsinə imkan verir.
Sistemin tam istismara verilməsindən sonra audit prosesinin bəzi mərhələləri – risklərin qiymətləndirilməsi əsasında illik iş planının hazırlanması, auditə hazırlıq və planlaşdırma tam elektron mühitdə həyata keçiriləcək. Eyni zamanda, məlumatların real vaxt rejimində təhlili, əvvəlcədən müəyyən edilmiş ssenarilər əsasında risklərin avtomatik qiymətləndirilməsi və audit resurslarının daha səmərəli istiqamətləndirilməsi mümkün olacaq. Bu yanaşma həm də insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsinə xidmət edəcək.
Ümumilikdə, Hesablama Palatası üçün süni intellekt, böyük verilənlərin analitikası və risk əsaslı rəqəmsal monitorinq alətlərinin tətbiqi strateji prioritetlərdən biridir. Bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir.
Növbəti mərhələdə informasiya platformasının funksional imkanlarının daha da genişləndirilməsi, süni intellekt həllərinin audit prosesinə inteqrasiyası və perspektivdə məsafədən audit mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Hesab edirik ki, bu yeniliklər audit prosesinin daha çevik, operativ və effektiv təşkilinə imkan verəcək.
- Yuxarıdakı sualın davamı olaraq belə bir sual ortaya çıxır: hazırda dövlət qurumlarının informasiya sistemlərinin məlumatlarından auditlərdə istifadə edilir?
- Biz hazırda bəzi nəzarət obyektlərində audit prosedurlarını sırf onların informasiya sistemlərinin məlumatlarından yararlanmaqla aparırıq. Məsələn, kənd təsərrüfatı sahəsi üzrə apardığımız auditin nəticələri göstərdi ki, müxtəlif informasiya sistemləri üzrə inteqrasiyanın təmin edilməsinə zərurət var. Həmin tarixə bunun olmaması müvafiq dövlət qurumlarının nəzarət mexanizmlərində zəifliklərə səbəb olur. Eyni zamanda, bəzi hallarda informasiya sisteminin mövcud funksionallıqları bəzi qərarların verilməsi üçün yetərli deyil. Başqa sözlə, informasiya sistemində toplanan məlumatların artırılmasına, həmin məlumatların avtomatik qiymətləndirilməsi üçün təkmilləşdirilmələrə ehtiyac vardır. Bununla bərabər dövlət orqanlarının məlumat bazalarında eyni predmetlər üzrə fərqlilikləri də müşahidə etmişik.
Onu da qeyd etmək istərdim ki, tikinti işləri üçün ayrılan vəsaitin təyinatı üzrə istifadə edilib-edilmədiyini fiziki olaraq yoxlamaq asandır. Lakin proqram təminatının, süni intellekt alqoritmlərinin və ya məlumat bazalarının hazırlanması ilə bağlı faktiki xərcləri qiymətləndirmək son dərəcə çətindir. Bu vəziyyət dövlət sektorunun rəqəmsallaşdırılması "tədqiqat və inkişaf" adı altında büdcə vəsaitlərinin istifadəsini nəzarət baxımından ən həssas sahələrdən birinə çevirir.
- Rəqəmsallaşma korrupsiya risklərinin erkən aşkarlanmasına nə dərəcədə kömək edə bilər?
- Fikrimcə, rəqəmsal texnologiyaların tətbiqi korrupsiya risklərinin erkən mərhələdə aşkarlanması imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Elektron sistemlər vasitəsilə böyük həcmdə məlumatların operativ təhlili, müxtəlif informasiya bazalarının inteqrasiyası və əməliyyatların izlənilməsi mümkün olur. Bu da ənənəvi audit üsulları ilə müəyyən edilməsi çətin olan riskləri daha erkən mərhələdə aşkar etməyə imkan verir.
Xüsusilə süni intellekt və böyük verilənlərin analitikası əsasında tətbiq olunan risk modelləri qeyri-adi əməliyyatları və potensial riskləri avtomatik müəyyən edə bilər. Bu eyni zamanda, artıq pozuntu baş verdikdən sonra deyil, risklərin formalaşdığı mərhələdə həyata keçirilə bilər.
Bununla belə, bir daha qeyd etmək istərdim ki, rəqəmsal alətlərin effektivliyi ilk növbədə məlumatların keyfiyyətindən və tamlığından asılıdır. Dəqiq, vaxtında və etibarlı məlumatlar təqdim olunduqda rəqəmsal monitorinq və risk əsaslı nəzarət korrupsiya risklərinin erkən aşkarlanması və qarşısının alınması baxımından olduqca yüksək nəticələr verir. Bu səbəbdən rəqəmsallaşmanı təkcə texnoloji yenilik kimi deyil, həm də qabaqlayıcı nəzarət mexanizmlərinin gücləndirilməsi üçün strateji vasitə kimi qiymətləndiririk.
- Bir məsələni də xüsusuilə vurğulamaq istərdik. Bəzən bizdə hüquqi sənədlərin dili o qədər mürəkkəb olur ki, bunu savadlı şəxslər belə qavraya bilmir. Audit hesabatlarının daha sadə və anlaşıqlı formada ictimaiyyətə təqdim edilməsi gündəmdədirmi?
- Beynəlxalq standartlarda da vurğulandığı kimi, ali audit orqanı audit nəticələrini ictimaiyyətə açıqlamaqla cəmiyyətin dövlət vəsaitlərindən istifadə ilə bağlı hesabat tələb etməsinə imkan verir.
Aydındır ki, audit hesabatları müvafiq sahənin peşəkarları tərəfindən hazırlandığından onların dili və üslubu hər zaman geniş ictimaiyyət üçün tam anlaşıqlı olmaya bilər. Bu məsələ ali audit orqanı olaraq tərəfimizdən daim diqqətdə saxlanılır. Məhz bu məqsədlə audit hesabatlarının daha anlaşıqlı təqdim edilməsi üçün onların xülasələri hazırlanaraq həm “Dövlət auditi” rüblük rəsmi məlumat bülletenində, həm də Hesablama Palatasının rəsmi internet səhifəsində dərc olunur.
Bununla yanaşı, auditlərlə aşkarlanmış nöqsanlar illik və yarımillik fəaliyyət hesabatlarımızda icmallaşdırılmaqla infoqrafik şəkildə təqdim olunur. Həm fəaliyyət hesabatlarımızın, həm də büdcə ilə bağlı verdiyimiz rəylərin sadə dildə xülasələri tərtib edilərək rəsmi internet səhifəmizdə yerləşdirilir.
Sualınıza cavab olaraq onu da bildirim ki, Hesablama Palatasının 2024-2026-cı illəri əhatə edən Kommunikasiya Strategiyası da mövcuddur və bu sənəddə audit hesabatlarının, həmçinin oxunaqlı xülasələrin hazırlanması və dərc edilməsi üzrə hədəflər müəyyən etmişik. Maraqlı tərəflərlə kommunikasiya təkmilləşdirilməsinə xidmət edən bu Strategiya bizim üçün əhəmiyyətlidir və monitorinqin nəticələri onu göstərir ki, müəyyən etdiyimiz illik hədəflərə nail olmuşuq.
- Cənab sədr, qarşıdakı beş ildə Hesablama Palatasının fəaliyyətində hansı əsas dəyişiklikləri görəcəyik?
- Bizim qarşıdakı 5 ildə fəaliyyətimizdə edəcəyimiz əsas dəyişikliklər yeni qəbul etdiyimiz 2026-2030-cu illər üçün Strateji Planımızda öz əksini tapıb. Lakin mən bu dəyişikliklər arasından rəqəmsallaşmanı xüsusi vurğulamaq istərdim.
Yeni Strateji Planda 2 əsas strateji məqsəd, yüksək keyfiyyətli dövlət auditi ilə dövlət maliyyəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə xidmət etmək/dəstəkləmək, dövlət sektorunun xidmətlərinin keyfiyyətli, səmərəli və davamlı olmasına töhfə vermək müəyyən edilmişdir.
Bu məqsədlərə nail olmaq üçün icmal büdcə üzrə dövlət auditinin əhatəsinin artırılması, auditə əsaslı rəylərin tərtib edilməsi, OMXÇ-nin auditi, dövlət auditinin rəqəmsallaşdırılması, o cümlədən digər dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiyanın təmin edilməsi, süni intellekt və data əsaslı qərarvermənin tətbiqi, beynəlxalq audit standartlarının daha geniş istifadəsi, işçilərin peşəkar və karyera inkişafının təşviqi, maraqlı tərəflərlə, o cümlədən beynəlxalq təşkilatlar və xarici dövlətlərin ali audit orqanları ilə əlaqələrin genişləndirilməsi kimi əsas hədəflər müəyyən edilmişdir.
- Əgər qanunvericilikdə yalnız bir dəyişiklik etmək imkanınız olsaydı dövlət maliyyə nəzarətinin effektivliyini artırmaq üçün, nəyin dəyişilməsini istərdiniz?
- Bu suala cavab vermək, xüsusilə bir qanunvericilik aktı üzrə seçim etmək bir qədər çətindir. Sadə dillə desək mükəmməl audit metodikanız ola bilər, ancaq audit olunan obyektin maliyyə fəaliyyətini tənzimləyən normativlər düzgün deyilsə, məsələn, xərc normalarının müəyyən edilməsi, daxili nəzarətin təşkili sistemli, anlaşılan, ziddiyətsiz tənzimlənmirsə auditin meyarı problemlidir deməkdir.
Ancaq yenə də bir seçim etmək məcburiyyəti var desəniz, dövlət vəsaitinin istifadə və idarəedilməsində çərçivə prinsiplərini, daxili nəzarət sistemlərinin fəaliyyətini, dövlət maliyyyəsinin idarəedilməsini tənzimləyən vahid hüquqi aktın hazırlanmasını təklif edərdim.