Azərbaycan dövlət idarəçiliyinin keyfiyyətini qiymətləndirən nüfuzlu beynəlxalq reytinqlərdən birində regionun bir sıra ölkələrini geridə qoyub.
Xəbər verirlir ki, Chandler Yaxşı Dövlət İdarəçiliyi İndeksinin (CGGI) 2026-cı il hesabatına əsasən, Azərbaycan 125 ölkə arasında 57-ci yerdə qərarlaşıb.
Azərbaycanın ümumi göstəricisi onun gəlirlərinin ortadan yuxarı olduğunu təsdiqləyib.
Region ölkələri arasında Gürcüstan - 43-cü yer, Ermənistan - 64-cü yer, Türkiyə - 75-ci yer, Rusiya - 78-ci yer və İran isə 125-ci pillədə qərarlaşıb.
Reytinq dövlət idarəçiliyinin effektivliyi, güclü institutlar, dövlət maliyyəsinin idarə olunması, qanunvericiliyin dayanıqlılığı, bazar mühiti, liderlik, strateji baxış, beynəlxalq nüfuz və digər əsas göstəricilər əsasında hazırlanır.
Hesabatda qeyd olunur ki, dünyanın ən yaxşı dövlət idarəçiliyi göstəriciləri ardıcıl dördüncü dəfə Sinqapurdadır. İlk üçlükdə həmçinin Norveç və Danimarka yer alıb.
İndeksi hazırlayan Chandler İnstitutunun məlumatına görə, 2026-cı ildə reytinqə daxil edilən ölkələrin 61 faizi dövlət idarəçiliyi göstəricilərini yaxşılaşdırmağa nail olub.
Mütəxəssislər bildirirlər ki, bu indeks ölkələrin yalnız iqtisadi imkanlarını deyil, həm də dövlət institutlarının səmərəliliyini, idarəetmənin keyfiyyətini, uzunmüddətli inkişaf strategiyasını və vətəndaşlara göstərilən xidmətlərin effektivliyini qiymətləndirən əsas beynəlxalq göstəricilərdən biri hesab olunur.