Bu gün bir neçə nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələrək onları narahat edən məsələləri diqqətə çatdırıblar. Müraciətləri dinlənilib, bildirilib ki, aidiyyəti qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir. Müvafiq qanunvericilikdəki meyarlara uyğun olduğu, orqanizmin funksional pozuntuları yarandığı halda əlillik təyinatı aparıldığı diqqətə çatdırılıb.
Bakı şəhər sakini Hətəmov Bahadur Əlövsət oğlu dəfələrlə - 03.08.2022, 10.05.2023 və 23.08.2023-cü il tarixlərində tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Hər 3 müayinə zamanı onun sağlamlıq vəziyyətinin əlillik təyin edilməsinə əsas vermədiyi müəyyən edilib.
Qazax rayon sakini Mehtiyev Rüfət Tahir oğlu da 10.05.2022, 17.11.2022 və 27.07.2023-cü il tarixlərində əyani müayinə edilib. Müayinə zamanı müəyyən edilib ki, vətəndaşın sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir. 
Bakı şəhər sakini Əliyev Ramil Valeh oğlu 27.02.2023 və 28.04.2023-cü il tarixlərində əyani müayinə edilib. Hər iki müayinə zamanı onun sağlamlığında müvafiq pozuntular müşahidə edilməyib. Həmçinin Ramil Əliyevin tibbi müəssisədən təqdim etdiyi sənəddə qeyd olunan diaqnoz müayinə zamanı öz təsdiqini tapmayıb.