2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 858,7 milyon manata çatıb. Bununla yanaşı, ölkədə vaxtı keçmiş kreditlərin həcmində də ciddi artım qeydə alınıb.
Xəbər verilir ki, Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına əsasən, iyulun sonunda kredit təşkilatları üzrə vaxtı keçmiş kreditlərin həcmi 723 milyon manata yaxınlaşıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 37,85 faiz, son bir ildə isə 36,6 faiz artıb. Gecikmiş kreditlərin ümumi kredit qoyuluşlarında payı 2,1 faiz təşkil edib.
Hesabat dövründə bankların faiz gəlirləri 3 milyard 205,7 milyon manat olub. Bunun 2 milyard 583,1 milyon manatı kreditlərdən əldə edilən faizlərin payına düşüb. Bankların xalis faiz gəliri 1 milyard 985,2 milyon, qeyri-faiz gəlirləri isə 1 milyard 197,3 milyon manat təşkil edib.
Beləliklə, bankların yüksək mənfəətinin əsas hissəsi kreditlər üzrə faiz gəlirləri hesabına formalaşıb. Ancaq kreditləşmənin genişlənməsi fonunda gecikmiş borcların artması borcalanların ödəmə qabiliyyəti və kredit portfelinin keyfiyyəti ilə bağlı suallar yaradır.
Hüquqşünas Əkrəm Həsənov saytımıza açıqlamasında bildirib ki, statistik məlumatlar əsasında vaxtı keçmiş kreditlərin növlər üzrə dəqiq bölgüsünü müəyyənləşdirmək mümkün deyil:
“Konkret olaraq, hazırda vaxtı keçmiş kreditlərin hansı kredit növləri üzrə payının nə qədər olduğunu demək təəssüf ki, mümkün deyil. Ancaq aydındır ki,
ipoteka kreditlərinin burada payı elə də böyük deyil. Əsas pay istehlak və biznes kreditlərinin üzərinə düşür”.
Ekspertin sözlərinə görə, bankların mənfəətinin və vaxtı keçmiş kreditlərin eyni zamanda artması onların kreditləşmə siyasəti ilə əlaqəlidir. Banklar cəlb etdikləri əmanətləri gəlir gətirən aktivlərə, əsasən kreditlərə yönəltməyə çalışırlar:
“Banklar əvvəlki illərdə olduğu kimi, hazırda da aqressiv kredit siyasəti yürüdür və daha çox kredit verməyə çalışırlar. Bunun əsas səbəblərindən biri banklarda əmanətlərin həcminin artmasıdır. İnsanlar vəsaitlərini əsasən banklara yerləşdirirlər. Çünki ölkədə sərmayə qoyula biləcək alternativ sahələr və biznes imkanları kifayət qədər məhduddur”.
Əkrəm Həsənov qeyd edib ki, banklar əmanətlər üzrə faiz ödədiklərinə görə həmin vəsaitləri kredit şəklində yerləşdirərək gəlir əldə etməyə çalışırlar. Buna görə də faiz gəlirləri bankların mənfəətinin əsas mənbəyidir. Son illərdə komissiya haqlarından əldə olunan gəlirlər də bankların maliyyə nəticələrində mühüm yer tutur.
Ekspert vaxtı keçmiş kreditlərin sürətlə artmasının gələcəkdə bankların maliyyə göstəricilərinə mənfi təsir göstərə biləcəyini vurğulayıb:
“Hazırda banklar daha çox kredit verməklə yüksək faiz gəlirləri əldə edirlər. Lakin kreditləşmənin sürətli artımı ilə yanaşı, vaxtı keçmiş kreditlərin də çoxalması gələcəkdə bankların mənfəətini azalda bilər. Geri qaytarılmayan kreditlərin artması bankların maliyyə göstəricilərini zəiflədə və onları daha çətin vəziyyətə sala bilər”.