Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Montin qəsəbəsində evinin söküldüyünü bildirən vətəndaş kompensasiyanın hələ də ödənilmədiyini iddia edir. Bu barədə Rahib Səfərov tərəfindən Arzu Əliyeva ünvanlanan müraciətdə qeyd olunub.
Müraciətdə bildirilir ki, 24 iyul 2025-ci il tarixində Aşıq Qərib və Məmməd Arif küçələrinin kəsişməsində yerləşən yaşayış evi Azərbaycan Dəmir Yolları QSC-nin ərazisində aparılan abadlıq işləri çərçivəsində sökülüb. Lakin hadisədən uzun müddət keçməsinə baxmayaraq, qanunvericiliyə uyğun kompensasiyanın verilməsi təmin edilməyib.
Rahib Səfərovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, konkret nəticə əldə olunmayıb. Bu isə ailənin sosial vəziyyətinə ciddi təsir göstərib və onları çətin maddi durumla üz-üzə qoyub.
Vətəndaş müraciətində humanitar fəaliyyəti ilə tanınan Arzu Əliyevadan məsələyə dəstək göstərilməsini xahiş edir. O, problemin ədalətli şəkildə və qısa zamanda həll olunacağına ümid etdiyini vurğulayır.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.