Prezident İlham Əliyevin dünən imzaladığı Fərmana əsasən, 2029-cu ildə ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Siyahıyaalınma Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisini əhatə edəcək və əhaliyə dair müfəssəl məlumatların əldə olunmasına, eləcə də sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsinə imkan yaradacaq.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda aparılan ilk siyahıyaalınmanın nəticələrinə görə, 1897-ci ildə əhalinin sayı 1 806,7 min nəfər olub.
Ölkəmizdə əhalinin son siyahıyaalınması 2019-cu ildə baş tutub. Onun nəticələrinə görə, əhalinin sayı 9 951,4 min nəfər təşkil edib.
2026-cı il mayın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10 270,3 min nəfərə çatıb.